TÖVSİYƏ XƏBƏRLƏR

Şamaxıda 2-ci Üzüm və Şərab Festivalı keçiriləcək

Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində 2-ci Üzüm və Şərab Festivalı keçiriləcək. Bu barədə İnsanoid agentliyə istinadən bu gün, 21 noyabr tarixində xəbər verir.

Noyabrın 2526-da keçiriləcək tədbirin məqsədi yerli üzüm və şərab istehsalının təşviq edilməsi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzüm və şərab istehsalının tarixinin, bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.

Festival çərçivəsində şərabçılıqla bağlı müxtəlif tədbirlər – şərab dequstasiyaları, yarmarkalar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları, musiqili proqramlar, əyləncələr təşkil olunacaq, qonaqlara “Azərbaycanda şərabçılıq və şərab istehsalı tarixi” haqqında məlumat xarakterli təqdimatlar nümayiş etdiriləcək.

Sərgi, əyləncə, piknik, suvenir, kulinariya kimi zonaları olan festival ərazisində ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya edə, həmçinin bəyəndikləri məhsulları ala biləcəklər.

Iticket.az saytı vasitəsilə qeydiyyatdan keçən şəxslərin 25 və 26 noyabr tarixlərində saat 11:00-da Heydər Əliyev Mərkəzinin qarşısından Meysəri kəndinə aparılıb-gətirilməsi təşkil olunacaq. Festival qeyd olunan tarixlərdə 13:00-19:00 zaman aralığını əhatə edəcək.