Azərbaycan-Rusiya sərhədində yerləşən “Samur” gömrük postunda yük avtomobillərinin uzun növbəsi yaranıb. Bu barədə fevralın 22-də APA məlumat yayıb.
Gömrük keçid məntəqəsində 1000-dən çox maşın Rusiyaya keçmək üçün növbə gözləyir.
Gömrük postundan bildirilib ki, sıxlığın səbəbi qarşı tərəfdə yerləşən keçid məntəqəsində tikinti-quraşdırma işlərinin aparılmasıdır.
Bundan öncə, fevralın 19-da da yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunmuşdu.
Qeyd edək ki, Rusiya ilə sərhəddə yerləşən “Xanoba” gömrük postu üzrə tikinti işləri aparılır və işlərin 2022-ci ildə yekunlaşacağı nəzərdə tutulub. Bu gömrük-sərhəd buraxılış məntəqəsinin fəaliyyətə başlaması ilə “Samur” gömrük postunda yaranan sıxlığın və növbələrin aradan qalxacağı gözlənilir.