TÖVSİYƏ XƏBƏRLƏR

Sankt-Peterburqda Yeddi gözəl sərgisi açılıb

Sankt-Peterburqdakı Mərmər sarayda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Yeddi gözəl” sərgisi açılıb. Bu haqda yanvarın 26-da APA məlumat yayıb.

Sərginin ekspozisiyası bir neçə tarixi dövrü birləşdirən xalça, zərgərlik, bədii metal, miniatür və teatr-dekorasiya sənətindən ibarətdir.

Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil edilmiş “Yeddi gözəl” sərgisinin ekspozisiyasına Heydər Əliyev Fondunun, Azərbaycan Milli Xalça Muzeyinin və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatları daxildir.

Sərgi mayın 9-na qədər davam edəcək.

Həmçinin yanvarın 25-də Sankt-Peterburqda dahi Üzeyir Hacıbəylinin abidəsinin təməl daşının qoyulması mərasimi keçirilib.

Abidə Bəstəkarlar küçəsində Üzeyir Hacıbəylinin adını daşıyan bağçada Heydər Əliyev Fondunun və Sankt-Peterburq hökumətinin dəstəyi ilə qoyulacaq.