Təcrübəli səyahətçilər yaxşı bilirlər ki, aviabiletlərin qiyməti bir çox amillərdən asılıdır: daşıyıcı şirkət, vaxt, mövsüm, rahatlıq və s. İnsanoid sizə bilet alarkən nələrə diqqət etməli olduğunuzu, bileti nə vaxt almağın daha sərfəli olduğunu və özünüzü fırıldaqçılardan necə qoruyacağınızı deyəcək.
Vaxt seçimi vacibdir
Aviabiletlər yayın ortası ilə müqayisədə mövsümdənkənar dönəmlərdə daha ucuza başa gəlir və onları əvvəlcədən (2-3 ay, hətta altı ay əvvəl) almaqla siz dəyərin 30% -ə qədərinə qənaət edə bilərsiniz.
Gedəcəyiniz ayda bütün tarixlərə olan qiymətləri nəzərdən keçirin. Beləliklə, hansı tarixlərdə biletləri daha sərfəli əldə edə biləcəyinizi yoxlaya bilərsiniz.
Uçuş üçün seçilmiş həftənin günü də əhəmiyyət daşıyır. Biletlər çox vaxt həftə sonları daha baha olur. Əgər imkanınız varsa, uçuşu iş günlərinə köçürün.
Gediş-dönüş biletlərinin qiymətlərini ayrı-ayrı yoxlayın
Bəzən gediş-dönüş uçuşu bron etməkdənsə, iki ayrı bilet almaq daha sərfəlidir. Bəzən isə əksinə, gediş-dönüş biletlərinin bron edilməsi bir istiqamətə biletlərin alınmasına nisbətən daha ucuz olur.
Tranzit reyslərə diqqət yetirin
Bu uçuşlar daha uzun sürsə də, əksər hallarda birbaşa uçuşlardan əhəmiyyətli dərəcədə ucuz olur.
Aviaşirkətlərin xüsusi təkliflərini qaçırmayın
Aviaşirkətlər tez-tez bilet bron edərkən hotellərə və ya avtomobil icarəsinə endirimlər təklif edir. Siz endirim təkliflərini uçuş bron edərkən görəcəksiniz.
Gizli ödənişlərə diqqət yetirin
Bəzi aşağı büdcəli aviaşirkətlər uçuşun rahatlıq səviyyəsini endirərək biletin qiymətini xeyli aşağı salır. Ancaq belə biletləri bron edərkən, əlavə ödənişlərin tələb olunub-olunmayacağını dəqiq bilmək üçün bütün şərtləri oxumaq lazımdır.
Bu hallarda aşağıdakılara fikir verin:
- ölçüsünə, çəkisinə və hissələrin sayına nə qədər pulsuz baqaj və əl baqajı daxildir;
- salonda pullu oturacaq seçimi varmı;
- əvvəlcədən onlayn qeydiyyatdan keçməyin məcburi olub-olmaması və hava limanında qeydiyyat üçün əlavə rüsum tələb edilib-edilməməsi;
- qiymətə yeməklərin daxil olub-olmaması.
Pula qənaət və ucuz aviabilet axtarışı sizi fırıldaqçıların qurbanına çevirə bilər.
Sosial şəbəkələr vasitəsilə bilet almayın
Sosial şəbəkələrdə fırıldaqçılar bazar qiymətindən 50-60% aşağı qiymətə uçuş bileti təklif edə bilərlər. Belə hallarda çox vaxt aviabiletlər oğurlanmış bank kartları ilə alınır və sonradan aviaşirkətlər tərəfindən ləğv edilir. Buna görə, fiziki şəxsin hesabına köçürmə yolu ilə aviabiletlərin pulunu ödəməyin.
Şübhəli dərəcədə ucuz uçuş qiymətlərini yoxlayın
Fırıldaqçılar xüsusilə yüksək turizm mövsümündə aviabiletləri 30-60% ucuz qiymətə təklif edirlər. Onları almazdan əvvəl aviabiletlərin qiymətini aviaşirkətin saytında və aviabilet axtarış sistemlərində yoxlayın. Aviabiletlərin qiymətində 2 dəfədən artıq fərq şübhə doğurandır.
Bilet aldığınız saytları yoxlayın
Aviabilet satan saxta saytlara çox vaxt axtarışda rast gəlinmir və bu saytların ünvanları, adətən, 2 sözdən ibarət olur və onlarda rəqəmlər və tirelərdən istifadə olunur.
Biletləri köçürmə yolu ilə ödəməyin
Saxta aviabilet saytları ziyarətçiləri bank köçürmələri və müxtəlif ödəniş sistemləri vasitəsiləri ilə ödəniş etməyə sövq edir. Məsələn, bileti kartla ödəyərkən xəta yaranır və sizdən biletin pulunu digər ödəniş üsulları ilə ödəməyiniz tələb olunur. Bunu etməyin. Başqa sözlə, hesaba pul köçürməklə aviabiletlərin pulunu ödəməyin.
Ümid edirik ki, bu məlumatlar sizin üçün faydalı olaсaq!