Ağdam-Xankəndi marşrutunun açılması Laçın yolunun paralel istifadəsinə kömək edəcək mühüm addımdır. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyanatında deyib.
Bu barədə 13 sentyabr tarixində Report məlumat verib.
“Biz Rusiya yüklərinin Ağdam-Əsgəran marşrutu ilə keçməsini qeydə alırıq. Bu, yerli əhalinin müntəzəm ərzaq təminatının bərpasına təkan verəcək”, – bəyanatda bildirilib.
Ş.Mişel, həmçinin Bakı ilə Qarabağda yaşayan ermənilər arasında dialoqun qurulmasına, barışıq səyləri və ümumilikdə Ermənistan-Azərbaycan sülh prosesi daxil olmaqla daha konkret addımların atılacağına ümid etdiyini bildirib.
Bəyanatda vurğulanıb ki, Aİ rəhbəri Azərbaycan və Ermənistan liderləri ilə təmasları davam etdirir. Əlavə edilib ki, Ş.Mişel sentyabrın 10-da Yeni Delhidə keçirilən G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışıqlar aparıb.