Çıraqqala Şabran rayonunun mərkəzindən təxminən 25 km aralıda, 1 232 metr yüksəklikdə, qayanın zirvəsində yerləşir. Bir versiyaya görə, qala V-VI əsrlərdə Sasani hökmdarları tərəfindən tikilib. Digər məlumatlara əsasən, istehkam e. ə. IX-VIII əsrlərdə inşa edilib.
Çıraqqala sözündə olan “Çıraq” hissəsi türk dillərindən tərcümədə “işıq buraxan” və ya “şüa buraxan” deməkdir. Qala, həmçinin Çaraqqala adlandırılır. Buna səbəb isə, əvvəllər burada Çaraq adlı şəhərin olmasıdır. Lakin Abbasqulu Ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində bu yer Çıraqqala kimi qeyd olunub.
Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarətdir. Qala düzbucaqlı formadadır, daş və kərpicdən tikilib. Divarların hündürlüyü təxminən 8-10 metr, qalınlığı 3-4 metrdir. Qala Bakıdakı Qız qalası ilə təxmini eyni üslubda tikilib.
Çıraqqala Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan və bir zamanlar burada olan qala-şəhərin üç böyük qalasından biridir. Qalanın böyüklüyü, dörd tərəfdən sıldırım qaya üzərində yerləşməsi, Gilgilçay səddi ilə əhatələnməsi və 17 bürcünün olması onun qala-şəhər olduğunu sübut edir.
Qalanın həbsxanası, su anbarı və ərzaq saxlamaq üçün yeri mövcud olub.
2003-cü ildə Çıraqqala abidə-kompleksi qoruq elan edilib. Hazırda abidənin 17 bürcündən 4-ü və tədricən qala divarları qalıb.
Mənbələr: