Fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun dərəcələri azaldılır.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu barədə 15 sentyabr tarixində APA məlumat verib.
Dəyişikliklə fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına aşağıdakı dövlət rüsumu dərəcələri tətbiq ediləcək:
Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar – 15 manat.
Qanunun 33-5.1.1-ci maddəsində nəzərdə tutulan cihazlar istisna olmaqla, digər mobil cihazlara görə dövlət rüsumunun dərəcələri:
- bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 20 manat;
- bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 30 manat;
- bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 40 manat;
- bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 50 manat;
- bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 70 manat;
- bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 100 manat.
Qeydiyyat üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar – 15 manat.
Hazırda qanunvericiliyə görə sözügedən rüsumlar aşağıdaki kimidir:
Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar – 20 manat.
Qanunun 33-5.1.1-ci maddəsində nəzərdə tutulan cihazlar istisna olmaqla, digər mobil cihazlara görə dövlət rüsumunun dərəcələri:
- bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat;
- bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat;
- bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat;
- bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat;
- bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 100 manat;
- bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat.
Qeydiyyat üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar – 20 manat.
Qanun qəbul edildiyi halda dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.