Sentyabrın 2-dən peşə məktəblərinə tələbə qəbulunun II mərhələsinə başlanılacaq

Sentyabrın 2-dən peşə təhsili müəssisələrinə boş qalan yerlər üzrə tələbə qəbulunun II mərhələsinə start veriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, II mərhələdə də müraciətlər “portal.edu.az” platforması üzərindən ödənişsiz qaydada aparılır. Sənəd qəbulu 6 sentyabr saat 23:59-dək davam edəcək. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsili olan şəxslər müraciət edə bilərlər.

Qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi edə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıq olacaq.

Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Tələbə qəbulunun I mərhələsi 10-21 avqust tarixlərində elektron qaydada həyata keçirilib. Müraciət edənlərin sayı ötən il ilə müqayisədə 26% artmışdır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Sentyabrın 2-dən peşə məktəblərinə tələbə qəbulunun II mərhələsinə başlanılacaq”

Tövsiyə xəbərlər