Yeni tədris ilinin başlanması ilə əlaqədar sentyabrın 15-dən Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək. Bu barədə 12 sentyabr tarixində “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Xətlərdəki qatarların sayı artırılacaq və hərəkəti sıxlaşdırılacaq, interval azaldılacaq. Metropolitendə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər müəyyənləşdirilib. Həmin müddətdə “Həzi Aslanov – 28 May” istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyənləşdirilib.
Həmin sahədə günorta vaxtı interval 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq.
“28 May” stansiyasından “Dərnəgül” (Yaşıl xətt) və “İçərişəhər” (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.
“Həzi Aslanov-28 May” sahəsində istirahət günləri fərqli hərəkət qrafiki tətbiq ediləcək. Qatarlar arasında şənbə günləri saat 7:00-dan saat 21:00-a qədər 2,5 dəqiqəlik, bazar günləri isə eyni saatlarda 3 dəqiqəlik interval tətbiq ediləcək.
Bənövşəyi xətt, eləcə də Yaşıl xəttin “Xətai – Cəfər Cabbarlı” sahəsində qatarların hərəkət qrafiki olduğu kimi saxlanılacaq.
Yeni qrafikin 2024-cü ilin yay aylarına qədər qüvvədə saxlanması nəzərdə tutulub.
Sərnişinlər qatarların “Bakmil” stansiyasına və əksinə hərəkət cədvəlləri ilə sentyabr ayının 14-ü axşam saatlarından metro.gov.az saytının müvafiq bölməsində tanış ola bilərlər.