“Financial Times”ın məlumatına görə, ABŞ dövlət katibi Marco Rubio Münhendə keçirilən 62-ci “Munich Security Conference” çərçivəsində Almaniya, Fransa və Polşa nümayəndələri, eləcə də Avropa Komissiyasının rəhbərliyi ilə planlaşdırılan danışıqlarda iştirak etməli idi. Lakin Rubio bu görüşü təxirə salıb.
Adı açıqlanmayan amerikalı rəsmi Rubionun imtinasını “eyni vaxta planlaşdırılmış çoxsaylı görüşlərlə” izah edib. Nəşrə danışan avropalı rəsmi isə bu addımı “dəlilik” adlandırıb. “Financial Times” yazır ki, avropalıların fikrincə, bu qərar Vaşinqtonun Aİ-nin Ukraynada müharibənin dayandırılması istiqamətində səylərinə marağının zəiflədiyini göstərir.
Nəşrə danışan mənbələrdən biri bildirib ki, ABŞ Dövlət Departamentinin rəhbəri olmadan avropalıların danışıqları “məzmundan məhrum” olub. Bununla belə, Rubio Almaniya kansleri Fridrix Merts ilə ayrıca görüş keçirib. Mertsin sözlərinə görə, görüşün əsas mövzuları Ukrayna və onun Rusiya ilə sülh danışıqlarının vəziyyəti olub. Bundan əlavə, Rubio Almaniyanın NATO-nun gücləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib.