İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) aparılan “siyasi və hərbi casusluq” istintaqı ilə bağlı yeni detallar üzə çıxıb.
“Anadolu” Agentliyinin məlumatına görə, Maliyyə Cinayətləri Araşdırma Şurası (MASAK) tərəfindən hazırlanan hesabatda martın 6-da alınan ifadə xüsusi diqqət çəkib.
İfadə verən Ü.D.A. adlı şəxs casusluq fəaliyyətlərində ittiham edilən Hüseyn Günün Azərbaycanla bağlı bəzi addımlarını açıqlayıb. Onun sözlərinə görə, Hüseyn Gün 2005-ci ildə ABŞ-də fəaliyyət göstərən E.P. adlı hüquq bürosunda çalışan T.P. adlı vəkilə göstəriş verərək “Freedom LLC” adlı şirkətin xaricdə yaradılmasını tapşırıb.
İddialara əsasən, həmin şirkət vasitəsilə Azərbaycan müxalifətinin, o cümlədən o dövrdə müxalifətdə olan İsa Qəmbərin “demokratikləşmə” adı altında maliyyələşdirildiyi bildirilir.
İstintaq materiallarında həmçinin Hüseyn Günün ABŞ-dəki “PiiQ Media” şirkətinin rəhbərlərindən biri ilə yazışmaları və onun hesablarında 85 milyon lirəlik (təxminən 3,5 milyon manat) şübhəli pul dövriyyəsi aşkarlandığı qeyd olunur.
Xatırladaq ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı “casusluq” istintaqı çərçivəsində İBB sədri Əkrəm İmamoğlu, onun seçki kampaniyası məsləhətçisi Necati Özkan və jurnalist Merdan Yanardağ həbs edilib.