TÖVSİYƏ XƏBƏRLƏR

SN: Şəkidə qızılca yayılıb, yoluxanlar vaksinasiya olunmayanlardır

Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın şagirdləri arasında 2023-cü ilin sentyabr ayının sonlarından başlayaraq qızılca infeksiyasına yoluxma halları baş verib. Bu barədə 26 oktyabr tarixində Səhiyyə Nazirliyi məlumat yayıb.

Belə ki, gimnaziyanın 22 sinfindən 18-də tək-tək yoluxma halları müşahidə olunub. Bu hallar, əsasən, qızılcaya qarşı vaksinasiyadan kənarda qalmış uşaqlar arasında baş verib.

Yoluxmuş uşaqlar izolyasiya edilib, onlardan laborator müayinə üçün nümunələr götürülüb, uşaqlara xəstəxana şəraitində tibbi yardım göstərilib. Gimnaziyanın fəaliyyəti xəstələrlə sıx təmasda olan digər uşaqlara gündəlik həkim baxışı və hərarətin ölçülməsi həyata keçirilməklə davam edir.

Hazırda gimnaziyada epidemioloji vəziyyət ciddi nəzarət altındadır. Son yoluxma hadisəsi 6 oktyabr 2023-cü il tarixində qeyd edilib. Bu tarixdən etibarən xəstəliyin inkubasiya dövrü tamamlanana qədər (21 gün) ocaqda nəzarət işləri davam etdiriləcək.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi belə halların qarşısının alınması məqsədilə bir daha vaksinasiyanın vacibliyini vurğulayır və hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə peyvənd edilməsini tövsiyə edir.