Jurnalist, “Sovinformbüro”nun keçmiş baş redaktoru, Nürnberq prosesi zamanı tərcüməçi olmuş Ənvər Məmmədov 100 yaşında vəfat edib. Bu barədə 7 sentyabr tarixində Rusiya KİV-ləri məlumat verib.
O, 1923-cü il avqustun 15-də Bakıda müəllim ailəsində anadan olub.
Atası, Məmmədov Nazim Rauf oğlu repressiya olunub və 1949-cu ildə həbsxanada vəfat edib. Ölümündən sonra bəraət alıb. Anası, Olqa Alekseyevna İvanova makinaçı-kargüzar işləyib.
Yeddinci sinfi bitirdikdən sonra Ənvər Məmmədov çilingər köməkçisi işləməyə başlayıb, məktəbi bitirdikdən sonra – 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunub. Lakin tezliklə zədə alması ilə əlaqədar məktəbdən xaric olunub. Bundan sonra Bakıya qayıdıb və Qırmızı Ordunun Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilib. Böyük Vətən müharibəsində iştirak edib.
Oğlu Məmmədov Georgi Ənvəroviç fövqəladə və səlahiyyətli səfir dərəcəsində diplomat olub.
1956-1959-cu illərdə Sovet İttifaqının Vaşinqtondakı səfirliyində müşavir olub. 1959–1960-cı illərdə “Sovinformbüro”nun baş redaktoru və sədrin birinci müavini, 1962-1985-ci illərdə SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin birinci müavini olub.
1986-cı ildən “Novosti” Mətbuat Agentliyinin şərhçisi, daha sonra “RİA Novosti” agentliyinin baş redaktorunun məsləhətçisi olub.
Yeddi orden və on medalla təltif olunub, ingilis, alman, italyan və fransız dillərini bilib.