2021-ci ilin birinci yarısında Sumqayıt Kimya Sənaye Parkında (SKSP) 794 milyon manatlıq məhsul istehsal olunub. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 49% çoxdur. Bu haqda məlumat 12 avqust tarixində İqtisadiyyat Nazirliyi tərəfindən verilib.
Ümumilikdə Sənaye Parkında 16 sahibkarlıq subyekti fəaliyyət göstərir və 5500-ə yaxın insan işləyir. Azərbaycanın ixrac payının 31%-i SKPS-də istehsal olunan məhsulların payına düşür. Sənaye Parkında istehsal olunan məhsullar Türkiyə, Rusiya və İtaliya daxil olmaqla 30-dan çox ölkəyə ixrac olunur.
Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkı 2012-ci ildə yaradılıb. Təşkilatın əsas məqsədi ölkədə istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılmasıdır. Sənaye Parkına rezidentlər tərəfindən indiyənədək 2,9 milyard dollardan çox investisiya yatırılıb. Təşkilatın rezidentləri tərəfindən 1 milyard dollarlıq məhsul ixrac edilib.