Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda cüdo mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə İnsanoid Azərbaycan Cüdo Federasiyasına (ACF) istinadən bu gün, 25 oktyabr tarixində xəbər verir.
Artıq Sumqayıt idmançıları üçün ilk məşqlər keçirilib.
ACF-nin dəstəyi ilə qurulan cüdo mərkəzinin ümumi sahəsi 1900 kvadratmetr təşkil edir. Mərkəzdə üç “dojo” (cüdo məşq zalı) mövcuddur və onların sahəsi müvafiq olaraq, 540 kv.m, 210 kv.m və 100 kv.m təşkil edir. Cüdo məşq zalları Beynəlxalq Cüdo Federasiyasının standartlarına uyğun tatamilərlə təchiz olunub.
Ümumi sahəsi 100 kv.m təşkil edən fiziki hazırlıq zalı zəruri avadanlıqlarla təchiz edilib. Təlim mərkəzində gözləmə zalı, hər zala görə paltardəyişmə otaqları, həkim otağı, masaj otağı, sauna mövcuddur. Həmçinin məşqçilərin və digər inzibati işçilərin fəaliyyəti üçün onlar iclas otağı və ofis otaqları ilə təmin olunublar.
Sumqayıt cüdo təlim mərkəzinin baş məşqçisi İlham Məmmədov bildirib ki, Sumqayıtda uşaqlar, yeniyetmələr və gənclər arasında cüdoya maraq böyükdür: “İlk növbədə Sumqayıt cüdo ictimaiyyəti adından möhtərəm Prezidentimizə yaradılan yüksək şəraitə görə dərin minnətdarlığımızı bildiririk. Cüdo idmançıların yüksək fiziki hazırlığa malik olmaqları ilə yanaşı, həmçinin onların intellektual və mənəvi inkişafına da mühüm töhfə verir. Biz də məşqçilər olaraq, ölkə və beynəlxalq səviyyədə regionumuzu təmsil edə biləcək istedadlı cüdoçular və ən əsası, layiqli vətəndaşlar yetişdirmək üçün əlimizdən gələni edəcəyik.”
Təlim mərkəzində 1500-ə qədər yeniyetmə və gəncin daimi məşq etməsi üçün şərait mövcuddur və onlar müəssisədə işləyən 10-dan yuxarı peşəkar cüdo məşqçilərinin təcrübəsindən faydalancaqlar.