Tədris ili ilə bağlı qeyri-müəyyənlik tələbələrə kirayə mənzil problemi yaşadır

Yeni tədris ilindən ali təhsil müəssisələrində dərslərin hansı formada keçiriləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib. Bu səbəbdən tələbələr indiyədək kirayə ev tutmaqla bağlı qərar verə bilmirlər. Mövzu ilə bağlı 3 sentyabr tarixində Sputnik Azərbaycan araşdırma aparıb.

“Bizdən ancaq koronavirus əleyhinə peyvənd vurdurub-vurdurmadığımızı soruşublar. Lakin dərslərin hansı formada keçiriləcəyi ilə bağlı isə heç kəsə bir söz deyilməyib”, –  Ağcabədidən olan Bakı Slavyan Universitetinin tələbəsi Şamama Bəxtiyarlı söyləyib.

Yaranmış bu qeyri-müəyyənlik kirayə mənzil bazarına da öz təsirini göstərir.

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, yeni dərs ili başlayanda Bakıya gələn tələbələrin sayının on minlərlə olması və paytaxtda ucuz kirayə mənzillərin məhdudluğu tələbələrə çətinlik yaradacaq.

“Bu qeyri-müəyyənliyə görə kirayə mənzil verən ev sahibləri tələbəyə ev vermək istəmir. Daha uzun müddət qalması üçün əsasən ailəli şəxslərə üstünlük verilir”, – ekspert əlavə edib.

Alternativ variant kimi tələbələr yataqxanalarda qala bilərlər. Lakin yataqxanalar da veriləcək qərarı gözləyir.

“Tələbələr yataqxanada qalmaq üçün bizə ərizə ilə müraciət etməlidir. Amma tədrisin forması hələ açıqlanmadığından, yataqxanada qalma şərtləri müəyyən olunmayıb”, – BDU-dan məlumat verilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Tədris ili ilə bağlı qeyri-müəyyənlik tələbələrə kirayə mənzil problemi yaşadır”

Tövsiyə xəbərlər