TÖVSİYƏ XƏBƏRLƏR

Ət kəsimi məntəqələrinin baytarlıq-sanitariya tələbləri

Heyvan və quş kəsimi məntəqələri baytarlıq-sanitariya tələblərinə cavab verməlidirlər. Bu barədə 22 sentyabr tarixində Trend.az reportaj hazırlayıb.

Azərbaycanın Qida Təhlukəsizliyi Agentliyinin şöbə müdiri Mehriban Bağırovanın dediyinə görə, iri və xırdabuynuzlu heyvanların kəsim məntəqəsi kəsimdən qabaq saxlanma, kəsim, toplanma, bağırsaqların təmizlənməsi, ətin doğranması və qablaşdırılması, ətin soyudulması, yükləmə bölməsindən ibarət olmalıdır.

“Kəsimdən qabaq saxlanma bölməsində kəsimə gətirilmiş heyvanların saxlanması ilə yanaşı, izolyator da təşkil edilməlidir. Kəsim bölməsi isə “çirkli zona” (qanın axıdılması, dərinin soyulması) ilə “təmiz zona”nın (daxili orqanların çıxarılması, cəmdəyin parçalanması) ayrıldığı məkandır. Ət və ət məhsullarının keyfiyyətli saxlanılması üçün düzgün temperaturda və şəraitdə soyudulub, dondurulması şərtdir”, – deyə mütəxəssis bildirib.

Quşların kəsilməsində də müəyyən ardıçıllığa riayət olunmalıdır. İlk öncə kəsimə qəbul edilən quşlar keyləşdirilməlidir. Quşların keyləşdirilməsi üçün tövsiyə olunan üsul elektroşokdur.  Keyləşdirilmiş quşlar daha sonra dərhal qansızlaşdırılmalıdır.

Mehriban Bağırova vurğulayıb ki, heyvan və quş kəsimində istifadə olunan ləvazimatların təmizliyi də şərtdir: “Sanitariya-gigiyena tələbləri gözlənilmədən kəsilən heyvanın və ya quşun əti xəstəlik mənbəyinə çevrilə bilər”.