TÖVSİYƏ XƏBƏRLƏR

Ötən ay 9 şəxsə mühafizə orderi verilib

Avqust ayı ərzində 9 şəxsə mühafizə orderi verilib. Onlardan biri uzunmüddətli, 8-i qısamüddətlidir. Bu barədə Ədliyyə Nazirliyindən sentyabrın 29-da bildirilib.

Azərbaycanda 2010-cu ildən “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun tətbiq edilir. Qanuna əsasən, zərərçəkmiş şəxsə qısa və ya uzunmüddətli mühafizə orderi verilə bilər.

Bəs bu order nədir və necə tətbiq olunur?

Order məişət zorakılığını törətmiş şəxsə zərərçəkənə qarşı narahatlıq gətirən hərəkətlərin edilməsini qadağan edən aktdır. Qısamüddətli mühafizə orderində məişət zorakılığı törətmiş şəxsə aşağıdakılar qadağan edilir:

  • məişət zorakılığının təkrar törədilməsi;
  • zərər çəkmiş şəxsin axtarılması;
  • zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.

Uzunmüddətli mühafizə orderində isə məişət zorakılığı törətmiş şəxsə yanaşı bu qaydalar müəyyən edilir:

  • yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət haqqında;
  • yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə haqqında qaydalar.

Qısamüddətli order 30 gün müddətinədək, uzunmüddətli order isə 30-180 gün müddətinə verilir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu il yanvar-iyun ayları ərzində qeydə alınmış 14928 cinayətlərin 803-ü məişət zorakılığı ilə bağlı olub. Bu əvvəlki illə müqayisədə 24% çoxdur.

Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.