Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib. Bununla bağlı aprelin 13-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Taleh Kazımov bu il aprelin 12-də Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib.
Ali təhsilini Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompüter mühəndisliyi” fakültəsində alıb. Daha sonra “Georgia State University” universitetində maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb. Bundan başqa, 2012-ci ildə “London Biznes Məktəbi”ni və 2014-cü ildə “Harvard Biznes Məktəbi”ni bitirib.
Əmək fəaliyyətinin ilk illərində “ATTAS PR”, “European Tobacco” şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib. 2006-cı ildən 2007-ci ilədək T. Kazımov “Ernst & Young” şirkətində auditor vəzifəsini tutub. Sonra “Fineko Analitika və İnformasiya Agentliyi” ASC-nin Baş direktoru vəzifəsində çalışıb.
“PAŞA Bank”da fəaliyyəti isə 2007-ci ildən başlayıb. 2015-ci il tarixində Taleh Kazımov “PAŞA Bank”ın İdarə Heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub.