Tehranda “3+3” formatında danışıqların yekunu üzrə xarici işlər nazirləri münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq, növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılığa gəliblər. Bu, Tehranda keçirilən “3+3” əməkdaşlıq platformasının görüşünün nəticələrinə dair birgə bəyanatda deyilir.
Bu barədə 24 oktyabr tarixində Report məlumat verib.
Birgə bəyanatda xarici işlər nazirləri münaqişələrin BMT Nizamnaməsi əsasında sülh yolu ilə həlli, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə hörmət, tanınmış beynəlxalq sərhədlərin toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək, təhdid və ya güc tətbiqinin qadağan edilməsi və insan haqlarına hörmətlə yanaşmağın vacibliyini vurğulayıblar.
“Ölkələr arasında qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan dostluq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, nazirlər münaqişələrin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər”, – bəyanatda bildirilir.
Bəyanat İran, Ermənistan, Azərbaycan, Rusiya və Türkiyənin xarici işlər nazirləri adından dərc olunub.