TÖVSİYƏ XƏBƏRLƏR

Tovuzda 25 yaşlı gənc qətlə yetirilib

Tovuzda gənc qətlə yetirilərək meyiti yandırılıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 18 noyabr tarixində xəbər verir.

Hadisə Aşağı Öysüzlü kəndində baş verib.

Noyabrın 18-i gecə saatlarında kənddə yerləşən fermaların birində yanğın hadisəsi olması ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları digər qurumların əməkdaşları ilə birlikdə hadisə yerinə gələrək, müvafiq tədbirlər həyata keçiriblər. Yanğının qarşısı alınaraq söndürülən zaman hadisə yerindən bir nəfər şəxsin yanmış meyiti aşkarlanıb. Polis və prokurorluq əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində meyitin Aşağı Öysüzlü kənd sakini, 25 yaşlı Nicat Məmmədova məxsus olması müəyyən edilib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N.Məmmədovu şəxsi münasibətlər zəminində küt alətlə qətlə yetirərək, daha sonra izləri itirmək məqsədilə fermanı yandırmaqda şübhəli bilinən rayon sakini, 35 yaşlı Eldar İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.