ABŞ-də reper Tupak Şakurun qətlində ittiham olunan Dueyn Kit Devis həbs edilib. Bu barədə 30 sentyabr tarixində Report “The New York Times”a istinadən məlumat yayıb.
Tupak Şakurun qətli 27 il əvvəl Las-Veqasda baş verib. 7 sentyabr 1996-cı ildə reperin olduğu avtomobil yaxınlıqda dayanan avtomobildən atəşə tutulub. Qatilin kimliyi uzun illər naməlum olaraq qalıb. Lakin şahid qismində dindirilən Devis atışma baş verən avtomobildə olduğunu dəfələrlə bildirib.
Məlumata görə, Devis 1996-cı ildə Las-Veqasdakı cinayətkar dəstələrinin liderlərindən biri olub. 2019-cu ildə nəşr olunan xatirələrində o bildirib ki, münaqişə reper tərəfindən qardaşı oğluna hücum edildiyi üçün başlayıb.
Məhz cinayətkarın qardaşı oğlu olan Orlando Anderson Şakurun qətlində şübhəli bilinirdi. Lakin o, istintaq hələ başa çatmamış, 1998-ci ildə atışmada öldürülüb.
İstintaqın intensivləşməsinə və qətl ittihamının irəli sürülməsinə nəyin səbəb olduğu açıqlanmayıb. İyul ayında Devisin evində axtarış aparılıb və müxtəlif elektronika ələ keçirilib.