Milli Məclis turizm sektorunda yeni cərimələri təsdiqləyib. Bu barədə dekabrın 20-də Sputnik Azərbaycan məlumat verib.
Ulduz kateqoriyası olmadan fəaliyyət göstərən hotellər 2000 manatdan 5000 manatadək cərimələnəcək. Mehmanxanalar məlumatları turist reyestrinə daxil etmədikdə və ya gec daxil etdikdə, yeniləmədikdə və ya gec yenilədikdə 300 manat məbləğində cərimə olunacaqlar.
Hotellərdə yerləşdirmə xidmətlərindən istifadə edən şəxslərin elektron qeydiyyatının olmamasına görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Sığortaçı ilə müqavilə bağlamadan turoperator və ya turagent tərəfindən turpaketin satılmasına görə fiziki şəxslər üçün 1000 manat, hüquqi şəxslər üçün isə 2000 manat məbləğində cərimə nəzərdə tutulur.