Türkiyə, Ukrayna və Moldova XİN və Avropa İttifaqı Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi “prezident seçkilərini” tanımadıqlarını bildirib. Bu barədə 9 sentyabr tarixində İnsanoid xəbər verir.
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələrinin nəzarətində olan ərazilərdə keçirilən qondarma “prezident seçkisi” ilə bağlı məlumat yayıb.
“Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını təşkil edən bu qeyri-legitim seçkini tanımır. Biz BMT və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa çağırırıq”.
Ukrayna Xarici İşlər Nazirliyi də Azərbaycanın Qarabağ ərazisində keçirilmiş qondarma “prezident seçkiləri”ni pisləyib.
Qeyd edilib ki, bu qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və nəticələri etibarsızdır:
“Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirir”.
Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkilərini” tanımadığını Moldova Xarici İşlər Nazirliyi də bildirib.
“Moldova XİN Moldova Respublikasının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini bir daha vurğulayır” – bəyanatda bildirilib.
“9 sentyabr 2023-cü il tarixində Xankəndi/Stepanakertdə keçirilən qondarma “prezident seçkiləri”ni nəzərə alaraq, Avropa İttifaqı bir daha bəyan edir ki, o, “seçkinin” keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır”.
Bunu Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massrali bildirib.
“Eyni zamanda Aİ hesab edir ki, Qarabağ ermənilərinin Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir və buna hazır olan de-fakto liderlik ətrafında cəmləşməsi vacibdir. Aİ bu prosesi dəstəkləməyə sadiqdir”, – o qeyd edib.