Azərbaycanda səfərdə olan Türkiyənin Baş prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya səfər edib. Bu barədə 14 sentyabr tarixində Report məlumat verib.
Səfər iştirakçıları Şuşaya səfər etmək imkanı əldə etdiklərini, bu tarixi torpaqda olmaqdan sevinc və qürür hissi keçirdiklərini bildiriblər. Onlar Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələri ziyarət edib, vandalizmin nəticələrini müşahidə ediblər.
Həmçinin Füzuli rayonunda da olan nümayəndə heyəti orada aparılan yenidənqurma işləri, yeni salınmış yaşayış massivləri və digər sosial təyinatlı obyektlərin onlarda böyük təəssürat yaratdığını qeyd ediblər.
Qonaqlar Türkiyənin – qardaş ölkənin Vətən müharibəsində ölkəmizə göstərdiyi mənəvi-siyasi dəstəyin davamı olaraq, quruculuq işlərində də yaxından iştirakının önəmini vurğulayıblar.