Dünən, avqustun 16-da Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən güləş üzrə U-20 Dünya çempionatında idmançılarımız iki medal qazanıblar.
Kənan Heybətov (70 kq) finalda amerikalı Miçel Mesenbrinkə 13:7 hesabı ilə qalib gələrək dünya çempionu adını qazanıb. Zirəddin Bayramov (65 kq) isə özbəkistanlı Umidcan Cəlalovla final görüşündə zədələndiyi üçün ardıcıl ikinci dəfə U-20 dünya çempionatını gümüş medalla başa vurub.
Bu gün daha üç idmançımız medal uğrunda güləşəcək. Təsəlliverici görüşdə Ceyhun Allahverdiyevin (61 kq) rəqibi ermənistanlı Hayk Abrahamyan olacaq. Səbuhi Əmiraslanov (86 kq) bürünc, Cəbrayıl Qadjiyev (74 kq) isə qızıl medal uğrunda güləşəcəklər.
Qeyd edək ki, turnir avqustun 21-dək davam edəcək. Azərbaycanı yarışda 21 idmançı təmsil edəcək.