Külli miqdarda narkotik vasitəni həyətində olan taxıl anbarında gizlədən Ucar rayon sakini saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 10 yanvar tarixində məlumat verir.
Ucar polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yuxarı Çiyni kənd sakini Anar Əliyevi saxlayıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahədə yerləşən və taxıl anbarı kimi istifadə edilən yardımçı tikilidən külli miqdarda narkotik vasitə aşkarlanıb.
A.Əliyev tərəfindən arpa dənlərinin altında gizlədilmiş və təmiz çəkisi 1 kiloqram 580 qrama yaxın olan 300 ədəd kibrit qutusunda və 17 ədəd kağız bükümdə qablaşdırılmış marixuana aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı A.Əliyev həmin marixuananı ötən ilin may ayında həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarından hazırladığını bildirib.
Bundan əlavə, polis əvvəllər də narkotiklərə görə məhkum olunmuş rayon sakini Məmməd Abdullayevi də saxlayıb.
Həmin şəxsin üzərinə keçirilən baxış zamanı isə ondan iki kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
