Azərbaycanda un və çörəyin qiymətlərinin artması səbəblərinin açıqlanması barədə ölkənin iri un və çörək istehsalçılarının müraciəti yayılıb. Bu barədə 4 yanvar tarixində Report xəbər verib.
Müraciətdə deyilir ki, baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVID-19 pandemiyası səbəbindən dünyada ərzaq məhsulların qiyməti kəskin artıb.
Azərbaycana ərzaqlıq buğda əsasən Rusiyadan idxal olunur. Bu ölkənin bazarında buğdanın qiymət artımını, əlavə olaraq, 2021-ci ilin fevral ayından ixrac rüsumunun artırılması buğdanın ölkəmizə yüksək qiymətlərlə tədarükü ilə nəticələnir. Hazırda Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksəkdir.
Qeyd olunub ki, dövlət tərəfindən buğdanın idxalı və satışı, çörək və unun satışı ƏDV-dən azad olunması, istehsalçılara subsidiyaların ödənilməsi ötən il ərzində 50 kiloqramlıq bir kisə unun topdan satış qiymətini 26 manat səviyyəsində saxlamağa imkan verib. Lakin mövcud subsidiya mexanizminin 2021-ci ilin dekabr ayının sonunadək qüvvədə olmasını nəzərə alaraq, eləcə də qıtlığın yaranması təhlükəsinin qarşısının alınması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb. Uyğunlaşmanın nəticəsi olaraq, 50 kiloqramlıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur.