Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb.
Bu barədə Report 25 oktyabr tarixində xəbər verib.
Cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
Məhkəmə prosesində zərərçəkmiş şəxslərin istintaqda verdiyi ifadələr elan edilir.
3 zərərçəkmiş şəxs üzrlü səbəbdən ifadə üçün prosesə gələ bilməyib. Onlar məhkəməyə müraciət edərək, istintaqa verdikləri ifadəni təsdiqləyiblər. Hazırda həmin ifadələr elan edilir.
V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Bundan sonra Xaçatryanın vəkili Radmina Abulova olacaq.