Vilayət Eyvazov Qəbələdə qəbul keçirib. Bu barədə 26 yanvar tarixində Apa məlumat verib.
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Vilayət Eyvazov yanvarın 25-də və 26-da Qəbələ Rayon Polis Şöbəsində növbəti qəbul keçirib. Görüş zamanı 104 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov DİN Daxili Qoşunlarının Qəbələdə yerləşən hərbi hissəsinə gedib. Nazir hərbi qulluqçuların kazarma-məişət şəraiti ilə maraqlanıb, həmçinin silah təminatı, avtomobil və zirehli texnika parkı, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə yaxından tanış olub.
Sonda V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 34-ü Vətən müharibəsi iştirakçısı, 3-ü isə şəhid ailələrinin üzvləri olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 131 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.