“Mərkəzi Bank bankomatlar vasitəsi ilə plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı haqların aşağı salındığını bildirib. Bu, xüsusən, digər bankların bankomatlarından nağdlaşdırma zamanı xərcləri azaldacaq. Bu, müsbət haldır”. Bunu millət vəkili Vüqar Bayramov Facebook hesabında bildirib.
“Amma bu xidmətdə güzəşt edən bəzi banklar digər istiqamətlərdə qiymət artımlarına getməklə yenə də müştəri hesabına daha çox gəlir əldə etməyə çalışırlar. Yəni nəticədə yenə də müştərilərin xidmətlər üzrə xərcləri yüksək olaraq qalacaq.
Belə ki, bir sıra sistem əhəmiyyətli banklar SMS xəbərdarlıq tarifini gələn aydan 2.5 dəfə artırmaq qərarı veriblər. Əvəllər 40 qəpiyə olan bu xidmət gələn aydan 1 manat olacaq. Əslində, belə artımlar özü də süni qiymət artımı və ya sektor mövqeyindən istifadə deməkdir. Çünki nəinki son dövrlər rabitə tariflərində hər hansı artım yoxdur, əksinə, texnologiyanın yeniləşməsi sms göndərmənin maya dəyərini xeyili aşağı salıb.
Belə olan halda isə bu xidmətlərdə kəskin qiymət artımını iqtisadi baxımdan izah etmək mümkün deyil. Bu baxımdan tənzimləyici kimi Mərkəzi Bank belə kəskin tarif artımlarının səbəblərinin araşdırması və bu yöndə interventiv addımlar atması çox vacibdir. Bəlkə də, SMS xidmətinin 1 manata çatdırılması yüksək xərc kimi görünməyə bilər, amma sistem əhəmiyyətli banklarda müştərilərin sayını nəzərə alsaq, bu, kifayət qədər böyük dövriyyə deməkdir. Bu baxımdan liberal iqtisadiyyat prinsipləri çərçivəsində belə süni tarif artımların tənzimlənməsi çox vacibdir”, – deyə Vüqar Bayramov bildirib.