Ermənistan tərəfi sözügedən dövlətin silahlı qüvvələri tərəfindən qətlə yetirilən Azərbaycan vətəndaşları və onların basdırıldıqları məzarlıqların yerləri barədə məlumatları Azərbaycana təqdim etməyə borcludur. Bu barədə fevralın 8-də Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən vurğulanıb ki, cari ilin 4 fevral tarixində Fransa, Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə keçirilən görüşün gündəliyində duran əsas məsələlərdən biri humanitar məsələlər olub.
“Ermənistan tərəfindən veriləcək məlumatlar əsasında kütləvi məzarlıqlardan çıxarılacaq qalıqlar nəticəsində 30 ilə yaxın müddətdə barələrində heç bir məlumat verilməyən, itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilə bilər”, – deyə qurumdan əlavə edilib.
Qeyd edək ki, dünən, fevralın 7-də 8 erməni əsilli hərbi qulluqçu Ermənistan tərəfinə qaytarılıb. Bu addımın əvəzinə Ermənistan birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.