Xınalıq dünyada “Ən yaxşı turistik kənd” adına namizəddir

Ümumdünya Turizm Təşkilatının (United Nations World Tourism Organization – UNWTO) elan etdiyi “Ən yaxşı turistik kənd” müsabiqəsinə Azərbaycandan Xınalıq kəndinin namizədliyi irəli sürülüb.

Sentyabrın 21-də Dövlət Turizm Agentliyindən verilən xəbərə görə, təşkilatın bu layihəsinin əsas məqsədi kənd ərazilərində turizmin inkişafı üzrə ən yaxşı nümunələri üzə çıxarmaq, həm də uzun illər boyunca öz unikallığını, mədəni-tarixi irsini qoruyan, həm də müasir turizmin tələblərinə cavab verən kəndləri aşkarlamaqdır.

UNWTO-nun keçirdiyi müsabiqənin nəticələri bu ilin sonunadək Mərakeşdə keçiriləcək sessiyada elan olunacaq. “Ən yaxşı turistik kənd” nişanını qazanan kəndlər modernləşmə proqramına daxil ediləcək.

Tarixi araşdırmalara və rəvayətlərə əsaslanan tədqiqatçılar Xınalıq kəndinin tarixinin təxminən 5000 il olduğunu ehtimal edirlər. Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri olan Xınalıq kəndi (2350 metr) 2020-ci ildə YUNESKO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib. Kəndə Xınalıq adı onun qarşısında yerləşən dağın günəş çıxanda verdiyi rəngə uyğun olaraq verilmişdir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Xınalıq dünyada “Ən yaxşı turistik kənd” adına namizəddir”

Tövsiyə xəbərlər