Dövlət İmtahan Mərkəzi sentyabrın 17-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq üçün test imtahanı keçirəcək. Bu barədə 15 sentyabr tarixində Report məlumat verib.
İmtahan bütün binalarda saat 10:00-da başlanır.
Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi” gətirməlidirlər. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 2 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 474 namizəd qeydiyyatdan keçib.