TÖVSİYƏ XƏBƏRLƏR

Xidmət vaxtı TikTokda canlı yayım açan hərbçilər cəzalandırılıblar

Müdafiə Nazirliyi sosial şəbəkələrdən istifadə edən hərbi qulluqçularla bağlı tədbir görüb. Bu barədə İnsanoid nazirliyə istinadən bu gün, 19 oktyabr tarixində xəbər verir.

Nazirliyin yaydığı məlumatda deyilir:

“Azərbaycan Ordusunda informasiya təhlükəsizliyi, eləcə də məxfilik qaydaları ilə bağlı mütəmadi olaraq, şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır, onlar iltizamnamələrə imza ataraq, bununla bağlı öhdəçilik götürürlər.

Buna baxmayaraq, bir neçə hərbi qulluqçunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto və videogörüntülər paylaşması aşkar edilmişdir. Bu hərbi qulluqçulardan bəziləri Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından xaric edilib, digərləri barəsində isə ciddi intizam tədbirləri görülüb.

Ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir”.

MN-dən əlavə olaraq, o da qeyd olunub ki, qaydaların daha da sərtləşdirilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə yeni təkliflər hazırlanaraq təqdim edilib.

Foto Azərbaycan MN