Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyətlə bağlı bəyanat yayıb. Bu barədə 9 sentyabr tarixində Nazirlik xəbər verib.
Bəyanatda deyilir:
“Azərbaycan Respublikasının Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Azərbaycan Respublikası ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları təşkil edir.
Azərbaycanın suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yoxdur.
Qeyd edilən addım Ermənistanın son dövrdə xüsusilə kəskinləşən təxribatçı və təhrikedici fəaliyyətinin daha bir elementi olmaqla, bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir.
Qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin davam etməsi üçün addımlar atan Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil və bunun əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub.
Azərbaycan Respublikası beynəlxalq cəmiyyətin bütün üzvlərini beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə uyğun olaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn addımlara düzgün siyasi qiymət verməyə, Ermənistanı bölgədə kövrək normallaşma səylərini təhlükə altına alan addımlardan çəkindirmək üçün təsirli tədbirlər görməyə, “seçki” adlandırılan qanunsuz fəaliyyətləri qətiyyətlə pisləməyə çağırır”.