“Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qondarma rejimi tərəfindən problem və təxribatların törədilməsinə baxmayaraq, RQXC tərəfindən göndərilən yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam – Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndiririk”.
Bunu 12 sentyabr tarixində Xarici işlər nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın sualına cavabında deyib.
“Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə gəldikdə isə Azərbaycanın ABŞ və digər tərəfdaşlarla yüksək səviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəmiz bu iki yoldan BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib. Təəssüf ki, bu razılığın da həyata keçirilməsinə mane olan tərəf Ermənistan tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejimdir.
Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi Ağdam – Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır”, – XİN rəsmisi qeyd edib.