Noyabrın 4-də Alban-Udi xristian dini icması üzvləri Xocavənd rayonuna səfər ediblər. Onlar Hadrut qəsəbəsində yerləşən “Ağ xaç” kilsəsini ziyarət ediblər.
Dini icmanın sədri Robert Mobili jurnalistlərə açıqlamasında kilsədə aparılan erməni saxtakarlıqlarından danışıb: “Ermənilər bu kilsələrin üzərində nə qədər dəyişiklik və saxtalaşdırma etsələr də, alban kilsəsinə aid simvol və elementlər qalıb. Burada islam dini ilə bağlı mədəni irsin böyük hissəsi silinib, dağılıb. Bir tərəfdən də ermənilər saxtalaşdırıblar”.
Buradakı “Ağ xaç”, “Müqəddəs Məryəm” və Hünərli kəndindəki kilsələrinin böyük hissəsi saxtalaşdırılıb. Onlar nə qədər saxtalaşdırsalar da, daşların üzərində olan elementlər, izlər qalıb.
Səfər çərçivəsində növbəti ziyarət “Müqəddəs Məryəm” və Hünərli kəndindəki kilsəyə olacaq.
Xatırladaq ki, Alban-Udi xristian dini icması üzvləri daha əvvəl Kəlbəcər rayonundakı Xudavəng monastırını və Laçın rayonundakı Ağoğlan məbədini ziyarət ediblər.