Yaponiyanın Ayı araşdırmaq üçün ilk eniş modulu “SLIM” H2A daşıyıcı raketindən uğurla ayrılıb.
Bu barədə İnsanoid Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinə istinadən bu gün, 7 sentyabr tarixində xəbər verir.
Qurğunun ayrılması plana uyğun olaraq, Taneqasima kosmodromundan buraxıldıqdan təxminən 47 dəqiqə sonra baş verib.
Yerin peykinə eniş 2024-cü ilin yanvar və ya fevral aylarında baş tutacaq. Raket, həmçinin JAXA, NASA, Avropa Kosmik Agentliyi və Kanada Kosmik Agentliyinin (CSA) əməkdaşlığı ilə yaradılan “XRISM” rentgen teleskopunu planetin orbitinə çıxarıb.
Hündürlüyü 2,4 m, çəkisi 200 kq olan cihaz üztanıma sistemlərində tətbiq edilənlərə bənzər texnologiyaların yardımı ilə Ayın kraterlərini və relyefini incələmək üçün nəzərdə tutulub. “SLIM”, həmçinin Ay səthindəki qayalarda olan dəmir və digər elementlərin miqdarını ölçə bilən xüsusi kamera ilə təchiz olunub.
Bundan başqa, aparat 100 m-dən çox olmayan xəta ilə Ayın müəyyən yerinə dəqiq eniş etməyə imkan verən texnologiyalara malikdir.
Missiya uğurlu olarsa, Yaponiya modulunu Yerin peykinə endirmiş dünyada beşinci ölkə olacaq. Öncələr bunu SSRİ, ABŞ, Çin və Hindistan bacarıb.