Yeni tikili binaların altında avtomobillərin parklanma yerləri azdır, qiymətləri isə çox bahadır. Bu sözləri mayın 31-də əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev Reporta müsahibəsində deyib.
“Parklanma yerləri təqribən 50-100 manat arası qiymətlərlə sakinlərə kirayəyə verilir. Onların satış qiymətləri isə 10 min manatdan başlayır, 50-60 min manata qədər dəyişir”, – deyə o bildirib.
Ekspertin sözlərinə əsasən, parklanma yerlərinin olmaması və ya baha qiymətə təklif edilməsi səbəbindən sakinlər avtomobillərini yol kənarlarında saxlamağa məcbur olur ki, bu da şəhərdə tıxacları artırır.
“Binanın zirzəmisi texniki mərtəbə hesab edilir və kommunikasya xətlərinin keçməsi üçün nəzərdə tutulur. Amma MTK həmin ərazini qaraj edir və kommunikasiya xətləri o qarajın içindən keçir. Şirkətlər həmin yer üçün çıxarış da alırlar”, – E.Fərzəliyev qeyd edib.
Lakin o, həmçinin əlavə edib ki, MTK-nın parklanma yerlərini satması və ya icarəyə verməsi qanunla qadağan edilmir. Onun fikrincə, bina tikintisi ilə bağlı qanunvericilikdə çox qarışıq məsələlər var.