Yevlaxda kişi odlu silahla öldürülüb. Bu barədə İnsanoid Yevlax rayon prokurorluğuna istinadən bu gün, 13 noyabr tarixində xəbər verir.
Noyabrın 12-si Yevlax rayonu ərazisində 32 yaşlı Əhməd Nəsibovun baş nahiyəsindən xəsarət alması və həmin xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 34 yaşlı Saleh Əliyevin Yevlax şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla Əhməd Nəsibovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə maddələri ilə cinayət işi başlanıb.
Saleh Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.