Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə 28 may tarixində Report məlumat verib.
Hadisə rayonun Kolanı kəndində qeydə alınıb.
İçərisində Bərdə rayon sakinlərinin olduğu “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq kanalın yaxınlığında aşıb.
Qəza nəticəsində 2007-ci il təvəllüdlü Şahlar Saxavət oğlu Fərzəliyev dünyasını dəyişib, daha bir neçə nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.
Qeyd edək ki, avtomobildə olanlardan birinin qəzanın baş verdiyi yerin yaxınlığında olan su kanalına düşdüyü ehtimal edilir. Buna görə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.