Güclü külək və leysan Zaqatalada bir sıra fəsadlara səbəb olub, rayon elektrik enerjisiz qalıb. Bu barədə 8 sentyabr tarixində APA xəbər verib.
Sentyabrın 6-dan başlayaraq Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonları ərazisində fasilələrlə güclü külək, leysan yağışları və dolu müşahidə olunub.
Ötən gün axşam saatlarından başlayaraq Zaqatala və Balakən rayonları ərazisində hava yenidən kəskin pisləşib, güclü külək əsib və rayonlara leysan yağıb.
Daha çox Zaqatala rayonu ərazisində müşahidə olunan güclü külək rayon mərkəzində və rayonun dağətəyi kəndləri olan Yuxarı Çardaqlar, Car, Axaxdərə, Mazıx, Qəbizdərə və rayon mərkəzinə yaxın Göyəm, Aşağı Tala, Yuxarı Tala kəndlərinin inzibati ərazilərində ağacları yıxıb, elektrik naqillərini qırıb.
Gecə saatlarından rayonun, demək olar ki, 80 % ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Leysan səbəbindən Tala, Katex, Balakən və digər çaylarda suyun səviyyəsi həddindən artıq qalxıb, çaylardan qısa müddətli sel keçib.
Yuxarı Çardaqlar, Car, Axaxdərə, Mazıx, Qəbizdərə, Yuxarı Tala, Göyəm və Aşağı Tala kəndlərində bəzi sakinlərin həyətyanı sahəsinə və evlərinin birinci mərtəbəsinə yağış suları dolub. Əkin sahələrinə, həyətyanı sahələrdəki bostan-tərəvəzə və meyvə ağaclarına ciddi ziyan dəyib.
Hazırda müvafiq idarə və təşkilat nümayəndələri əraziyə ezam edilib, təmir-bərpa işləri aparılır, dəymiş ziyanın miqyası dəqiqləşdirilir.