Zaqatalada qızılca xəstəliyi yayılıb. Bu barədə 17 noyabr tarixində APA məlumat yayıb.
Oktyabr ayının ikinci ongünlüyündən başlayaraq Zaqatala rayonu ərazisində qızılca xəstəliyinin yayılması müşahidə olunur. Xəstəliyə Zaqatala şəhəri və rayonun Kebeloba, Car, Yuxarı Tala, Aşağı Tala, Çobankol, Muxax, Gözbarax Əliabad kəndlərində uşaqlar və hətta orta yaş qrupuna aid insanlar arasında rast gəlindiyi bildirilir.
TƏBİB-dən bildirilib ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub:
“Onlardan 46-sı müayinə olunaraq, ambulator müalicə üçün evə buraxılıb. Ambulator xəstələrdən 8-i uşaqdır, vəziyyətləri stabildir. Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (5-i uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. 9 xəstənin isə stasionar müalicəsi davam etdirilir”.
Bildirilib ki, Zaqatala rayonunda qızılcaya yoluxma tək-tək hallarda qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb.