Türkiyədə gözəllik mərkəzində botoks inyeksiyası etdirən üç qadın xəstəxanaya yerləşdirilib.
Mersin əyalətinin Tarsus rayonunda botoks etdirmək üçün gözəllik mərkəzinə gedən 42 yaşlı Cemile Ateş, 40 yaşlı bacısı Tuğba Ç. və 36 yaşlı rəfiqələri HA gözlənilməz sağlamlıq problemləri ilə qarşılaşıblar.
Qadınların nəfəs almaqda, danışmaqda, udmaqda çətinlik çəkdiyi, görmə pozğunluğu və ikiqat görmə kimi şikayətlərlə qarşılaşdığı iddia edilib. Həmçinin, Cemile Ateşin prosedurdan təxminən 15 gün sonra sağ göz qapağının sallandığı bildirilib.
Sağlamlıq problemləri səbəbindən Tarsus Dövlət Xəstəxanasına aparılan üç qadın daha sonra müalicə üçün Mersin Şəhər Xəstəxanasına köçürülüb.
"Bacım, rəfiqəm və mən Tarsusdakı bir gözəllik mərkəzində botoks iynələri vurdurduq, çünki bunun miqrenə kömək edəcəyinə inanırdıq. Lakin prosedurdan 15 gün sonra sağ göz qapağım sallanmağa başladı.
Nəfəs almaqda, danışmaqda və udmaqda çətinlik çəkməyə başladım. Bacımda da görmə problemləri yarandı. Bu şikayətlə reanimasiyada olan bir çox xəstə var. Proseduru həyata keçirən qadınla əlaqə saxlaya bilmirik. O bizimlə heç əlaqə saxlamır" – deyə Cemile Ateş şikayət edib.
Ateş eyni yerdə botoks inyeksiyası etdirən digər insanların da oxşar sağlamlıq problemləri ilə qarşılaşdığını iddia edib.
O, jandarmaya verdiyi ifadədə məsul şəxslərə qarşı şikayət ərizəsi verdiyini bildirib.
Mənbə: Bizim.Media