Bakıda 31 yaşlı ana 48 günlük körpəsi ilə birlikdə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.
Bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə, körpə nikahdankənar doğulub və atası uşağa atalıq vermir.
Mehriban Zeynalova qeyd edib ki, 31 yaşlı qadının ümumilikdə altı övladı var. İlk uşağını 14 yaşında dünyaya gətirən qadının övladlarının ataları fərqli şəxslərdir. Digər beş uşağı da dövlət internat məktəbinə verilib.
Əslən bölgələrdən birindən olan qadın oktyabrın 5-dən 48 günlük körpəsi ilə birlikdə sığınacağa qəbul edilib.
M. Zeynalova qeyd edib ki, körpənin ümumi vəziyyəti normaldır, hər hansı xəstəliyi yoxdur. Bununla belə, uşaq zəifdir və çəkisi təxminən 2,5–2,9 kiloqramdır. Onun sözlərinə görə, körpəyə yaxşı qulluq edilərsə, uşağın inkişafı üçün müsbət şərait yarana bilər.
Mənbə: Bizim.Media