2023-cü ildə Abşeronun Novxanı kəndindəki bağ evində qətlə yetirilən plastik cərrah Türkan Gündüzün qızı Həlimə atalığından şikayətçidir.
Həlimə videoaçıqlama yayıb. O bildirib ki, qətli törədən və hazırda həbsdə olan atalığı Muhammet Gündüz onu narahat edir. Qız M.Gündüzün ona anasından qalan mülkləri almağa çalışdığını iddia edib.
Həlimə əlavə edib ki, 3 ildir bununla mübarizə aparır.
Şikayətçi anası ilə atalığının evlilik dövründə əldə edilmiş əmlaklarının bölündüyünü, bunun ədalətsiz olduğunu da deyib.
Qeyd edək ki, Türkan Gündüz ixtisaslı plastik cərrah, koloproktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə "Acıbadem" xəstəxanasında fəaliyyət göstərib, son iş yeri Bakıda "City Hospital" klinikası olub.
Muhammet Gündüzün isə biznes fəaliyyəti ilə məşğul olduğu, onların hadisədən 14 il əvvəl ailə həyatı qurduğu bildirilib.
Muhammet Gündüz törətdiyi cinayətə görə 17 il həbsə məhkum edilib.