Azərbaycanda yol infrastrukturunun qorunması, yolların istismar müddətinin uzadılması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ümumi istifadədə olan avtomobil yollarında yeni texnologiyaya əsaslanan daha 3 elektron tərəzi quraşdırılıb.
Bu barədə İnsanoid.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Belə ki, 2 elektron tərəzi M-2 Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 91-ci km-də, Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində Bakı və Qazax istiqamətlərində, 1 tərəzi isə M-6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 18-ci km-də, Sabirabad rayonu ərazisində paytaxt istiqamətində quraşdırılıb.
Bildirilib ki, oktyabrın 2-dən bu elektron tərəzilər vasitəsilə nəzarət tədbirlərinin həyata keçirilməsinə başlanılacaq.
"Avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması mərhələli şəkildə həyata keçirilir. Elektron tərəzilər yük nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərinə riayət olunmasına avtomatlaşdırılmış qaydada nəzarət etməyə imkan verir", - məlumatda qeyd olunub.
Yük nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə bağlı inzibati xəta elektron tərəzilər vasitəsilə aşkar edildikdə, bu barədə məlumatlar real vaxt rejimində elektron formada birbaşa mərkəzi informasiya sisteminə ötürülür və inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır.
Daşıyıcılardan qanunvericiliklə müəyyən edilmiş qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərə ciddi riayət etmələri xahiş olunur.