"Bank Respublika" ASC-nin "Access Bank" QSC-nin səhmlərini almasını nəzərdə tutan strateji əqdin əsas şərtləri təsdiqlənib.
İnsanoid.com "Bank Respublika"ya istinadən xəbər verir ki, bununla bağlı hər iki bankın səhmdarları razılığa gəlib. Əqdin bu ilin noyabr ayına qədər tamamlanması planlaşdırılır.
Əqd çərçivəsində "Access Bank"ın mövcud səhmdarları "Bank Respublika"nın nizamnamə kapitalının 25%-ni təşkil edən yeni imtiyazlı səhmləri əldə edəcəklər.
Səhmlərin alınmasından sonra iki bank ilkin mərhələdə ayrı-ayrılıqda fəaliyyət göstərəcək. Daha sonra onların vahid bankda birləşdirilməsi müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək.
Birləşmə nəticəsində cəmi aktivləri 4,5 milyard manat, kredit portfeli isə 3,3 milyard manat olan maliyyə institutu formalaşacaq. Hər iki bankın oxşar biznes modelinə və korporativ mədəniyyətə malik olduğu, xüsusilə mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə diqqət yetirdiyi bildirilib.
"Bank Respublika"nın Müşahidə Şurasının sədri Şakir Rəhimov əqdin bankın inkişafında yeni mərhələ olduğunu qeyd edib və prosesə dəstəyə görə Azərbaycan Mərkəzi Bankına, eləcə də beynəlxalq maliyyə institutlarına təşəkkür edib.
"Access Bank"ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk isə bildirib ki, birləşmə gələcək artım, fəaliyyət miqyasının genişlənməsi və Azərbaycan iqtisadiyyatına daha böyük töhfə verilməsi üçün möhkəm zəmin yaradacaq.
Satınalma və birləşmə prosesinin gedişi barədə ictimaiyyətə və maraqlı tərəflərə mütəmadi məlumat veriləcək.