Azərbaycanda heyvan sağlığı və bioloji təhlükəsizliyin təmin edilməsi, epizootik sabitliyin qorunması və baytarlıq sahəsində innovativ texnologiyaların tətbiqi istiqamətində genişmiqyaslı tədbirlərin icrasına başlanılır.
Bu Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramında öz əksini tapıb.
Dövlət Proqramına əsasən, Naxçıvan iqtisadi rayonunda dabaq xəstəliyindən azad zonanın və ölkə üzrə heyvan xəstəliklərindən azad təsərrüfatların (kompartmentlərin) yaradılması təşviq ediləcək. Epizootiya əleyhinə tədbirlərin, karantin və məhdudiyyətlərin real vaxt rejimində idarə olunması üçün Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsi genişləndiriləcək.
Sahədə nəzarətin gücləndirilməsi məqsədilə bir sıra yeniliklər nəzərdə tutulur:
- İri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısını almaq üçün maarifləndirmə aparılacaq, heyvanların yaş, çəki və cinsə görə kəsiminin tənzimlənməsi üzrə beynəlxalq təcrübə araşdırılaraq təkliflər hazırlanacaq.
- Baytarlıq preparatlarının dövriyyəsinə nəzarət avtomatlaşdırılacaq, qeyri-qanuni preparatların istifadəsi engəllənəcək və heyvandarlıqda istifadəsi qadağan edilən aktiv maddələrin siyahısı tərtib olunacaq.
- Həmçinin baytarlıq preparatları istehsal edən obyektlərdə Qabaqcıl İstehsal Təcrübəsi (GMP) tələblərinə uyğunluq auditi mexanizmi formalaşdırılacaq. Özəl baytarların dövlət baytarlıq nəzarəti tədbirlərinə cəlb edilməsi, habelə mütəxəssislərin qeydiyyatı və sertifikatlaşdırılması mexanizmi qurulacaq.
- Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində işlər görüləcək, ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələrin yaradılması təşviq ediləcək.